Əfqanıstanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi elektron hökumətin tətbiqi (e-hökumət) sahəsində Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədir. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Bu məqsədlə Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi nümayəndə heyəti iyunun 9-dan Bakıda səfərdədir. Səfər iyunun 15-dək davam edəcək.
Səfər çərçivəsində Əfqanıstan nümayəndə heyəti Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu (DSMF), Dövlət Gömrük Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və Azərbaycanın digər strukturlarında görüşlər keçirməyi planlaşdırır.
“Azərbaycanın elektron idarəçilik sahəsində nailiyyətləri bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu birbaşa Azərbaycanın elektron idarəçilik sahəsində inkiçaf, o cümlədən, BMT-nin İnkişaf proqramı ilə birgə reallaşdırılan digər layihələrdə toplanan uğurlu təcrübə ilə əlaqədardır”, - deyə məlumatda qeyd olunur.
Beləliklə, inkişaf mərhələsində və keçid dövründə olan bir çox ölkələr Azərbaycanın uğurlu inkişaf modelini öyrənir və həmçinin onun təcrübəsindən istifadə etmək məqsədini qarşılarına qoyurlar. Əfqanıstan bu ölkələrdən biridir.
Məlumatda vurğulanır ki, 2012-ci ildə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) vasitəsilə Əfqanıstanın inkişafı üçün $150 min məbləğində maliyyə yardımı ayırıb.