Azərbaycanı təmsil edən fortepiano dueti İtaliyada keçirilən Pyetro Arcento adına XVI Beynəlxalq Musiqi müsabiqəsinin laureatları olub. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Bu günlərdə İtaliyanın Bari şəhərinin yaxınlığındakı Coya Del Kolle qəsəbəsində Pyetro Arcento adına XVI Beynəlxalq Musiqi müsabiqəsi başa çatıb. Azərbaycanın əməkdar müəllimi, BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Rimazi və İsveçrədə virtuoz pianoçular arasında birinci mükafata layiq görülmüş dosent Elnarə Kəbirlinskaya bu müsabiqədə Azərbaycanı böyük uğurla təmsil ediblər.
Onların proqramına İ.Bramsın “Fa minor”, A.Məlikovun “Skertso”, S.Raxmaninovun “Romans” və “Tarantella” əsərləri daxil idi.
Azərbaycan fortepiano duetinə müsabiqənin laureatları kimi medallar təqdim edilib.
Müsabiqədə 25 ölkəni təmsil edən 150-dən çox musiqiçi iştirak edib.