Ermənistan təcavüzkar siyasətindən əl çəkərsə və işğal edilmiş Azərbaycan torpaqlarını azad edərsə, Bakı Ermənistana təbii qaz ixrac etmək imkanlarına baxmağa hazırdır. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) saytında məlumat verilir.
“Ermənistan coğrafi baxımdan Azərbaycana qonşu dövlətdir və Azərbaycan daim bu coğrafi məkanda öz qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamış, bunu tarix boyu bütün dünyaya nümayiş etdirmişdir. Ermənistan isə separatçılıq və aqressiv millətçilik yolunu tutaraq, təcavüzkar işğalçılıq siyasəti yeritmiş, Azərbaycanın əbədi və əzəli torpaqlarının böyük bir hissəsini işğal etmiş, bir milyondan artıq azərbaycanlının öz doğma ev-eşiyindən didərgin düşməsinə səbəb olmuşdur. Ermənistan hakimiyyəti bu gün də beynəlxalq hüququn normalarına məhəl qoymayaraq, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək niyyətində olmadığını nümayiş etdirməkdən çəkinmir. Halbuki bununla ilk növbədə öz xalqının həyati maraqlarına qarşı çıxır, öz ölkəsində və bütövlükdə regionda sosial-iqtisadi inkişafa əngəl yaradır”, - deyə məlumatda qeyd edilir.
“Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan işğal etdiyi torpaqlarla bağlı mövqeyini dəyişərsə, münaqişənin dinc yolla, danışıqlar yolu ilə və ən əsası, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olarsa, həyata keçirdiyimiz regional və qlobal əhəmiyyətli enerji layihələrinə cəlb edilə bilər. Yuxarıda qeyd olunan şərtlər daxilində Ermənistan Azərbaycan qazı üçün müraciət edərsə, bu məsələyə də baxıla bilər”, - deyə məlumatda vurğulanır.