İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fələstinin beynəlxalq strukturlara maksimum şəkildə cəlb olunmasını təmin etməyə çalışır. Bu barədə İƏT-in baş katibi Ekmələddin İhsanoğlu bəyan edib.
“Bir vaxtlar biz Fələstinin UNESCO-nun tamhüquqlu üzvü kimi qəbul edilməsi, həmçinin BMT-də Fələstinə müşahidəçi statusunun verilməsinin təmin edilməsi üçün bütün imkanlardan istifadə etdik. Bizim addımlarımız Fələstin dövlətinin legitimləşdirilməsinə yönəlib”, - deyə E.İhsanoğlu bu gün Bakıda Əl-Qüds şəhərinin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı beynəlxalq donor konfransında çıxışı zamanı bildirib.
“Qüds şəhərinin tarixi simasının saxlanılması və bu şəhərin Fələstin xalqının mədəni irsinə məxsus olması məsələsi hər zaman İƏT-in fəaliyyətində prioritetlərdən biri olub. Biz Qüdsü müstəqil Fələstin dövlətinin paytaxtı olaraq görürük”, - deyə İƏT-in baş katibi vurğulayıb.
O, İsrailin Qüdsün demoqrafik və tarixi simasını dəyişdirmək yönündə atdığı addımları qəbuledilməz adlandırıb.
“İsrail uzun illər ərzində şəhər həyatının mühüm istiqamətlərinin inkişaf imkanlarının qarşısını almağa çalışmaqla fələstinlilərə təzyiq göstərib. Nəticə olaraq, Qüdsdə gənc fələstinlilərin təhsil alması, eləcə də səhiyyə sahəsində ciddi problemlər yaranıb. Son məlumatlara əsasən, Qüdsdə on minlərlə fələstinli uşağın məktəbə getmək imkanı yoxdur. Bununla belə, israillilər özbaşınalıq edərək fələstinlilərə məxsus evləri zəbt edirlər. Fələstinlilərin bu şəhərdə yaşamaq üçün heç bir normal şəraiti yoxdur”, - deyə o vurğulayıb.
E.İhsanoğlu qeyd edib ki, 2009-cu ildə İƏT-in qiymətləndirmə missiyası Qüdsə göndərilib və bu missiya ilk növbədə dəstəklənməli olan sahələri müəyyənləşdirib. Onun sözlərinə görə, missiyanın hesabatı əsasında şəhərin inkişafı üzrə 12 müxtəlif istiqamətin dəstəklənməsini nəzərdə tutan Strateji Sektor Planı hazırlanıb.