Fələstinin xarici işlər naziri Riad Əl-Maliki dünya birliyini, ilk növbədə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrini Fələstin torpağında İsrailin ekspansiyasına dərhal son qoymağa yardım etməyə çağırıb. “Ekspansiya yalnız işğal olunmuş Fələstin ərazilərində tikinti işləri ilə bağlı deyil. Bu, həm də Fələstin evlərinin dağıdılmasıdır. Problemlərə baxmayaraq, on illər ərzində Fələstin xalqının iradəsi sayəsində Əl-Qüds (Şərqi Qüds-İF-Az) qorunub saxlanılıb. Biz danışıqlar apardığımız müddətdə vaxt bizə qarşı çalışır. Sonra gec ola bilər. Tarix bizi bağışlamaz, səhvlərə yol vermək olmaz”, - deyə nazir Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Fələstinə yardım üzrə donor konfransında çıxışında bildirib.
Əl-Malikinin sözlərinə görə, bu gün Əl-Qüds şəhəri İsrail işğalından qaynaqlanan böyük təhdidlərlə üzləşir. “Paytaxtımız görünməmiş İsrail kampaniyası, evlərin dağıdılması, əmlakın müsadirəsi, şəhərin demoqrafik tərkibinin itirilməsi ilə üz-üzədir. Əl-Haram Əş-Şərif məscidi (Şərqi Qüdsdə məbəd dağ kompleksi – İF-Az) hər gün İsrailin hücumuna məruz qalır. Beynəlxalq normalara zidd olan və beynəlxalq hüququ şübhə altına salan bu ekspansiya cəzasız qalır”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, İsrailin bu cür mövqeyi Fələstin ərazilərinin bütövlüyünü şübhə altına qoyur və 1967-ci ilə qədər olan sərhədlər prinsipini pozur. “İşğal olunmuş Fələstin paytaxtında xarici missiyaların qəbulu, beynəlxalq tədbirlərin keçirilməsi, həmçinin avtomobil yarışlarının planlaşdırılması işğalçı siyasətin daha dərin kök saldığını nümayiş etdirir. Bununla yanaşı, İsrail Əl-Qüdsdə investisiya yatırmaq üçün xarici şirkətlərə şərait yaradır”, - deyə diplomat məlumat verib.
Əl-Maliki Müqəddəs şəhərin bu cür ekspansiyadan müdafiəsinin vacibliyini vurğulayıb. “Fələstin tək olmamalıdır. Vəziyyət bu məsələyə müdaxilə tələb edir. Müvafiq qətnamələr və kollektiv təşəbbüslər lazımdır. İƏT-ə üzv olub Fələstin məsələsində neytral mövqe tutmaq qəbuledilməzdir. Bu strateji təhdidlərə qarşı yalnız siyasi dəstək kifayət etmir. Çünki Qüdsə bütün sahələrdə dəstək lazımdır”, - deyə Fələstin XİN başçısı bildirib.