Bu gün Bakıda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Azərbaycan prezidenti İlham Əliyevin görüşündə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilin ikinci yarısında keçiriləcək toplantısına hazırlıqlar nəzərdən keçiriləcək. Bu barədə jurnalistlərə Ə.Davudoğlu məlumat verib.
“Bu səfər Bakı və Ankara arasında strateji bağları bir daha təsdiqləməyə mənə imkan verdi. Bir qədər sonra mənim İ.Əliyevlə görüşüm olacaq. Görüşdə ilin ikinci yarısında keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına hazırlıqla bağlı məsələləri müzakirə edəcəyik”, - deyə o bildirib.
Ə.Davudoğlu Bakıda Qüds şəhərinin (Yerusəlim-İF-Az) inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı donor konfransında iştirak edir.
Ə.Davudoğlunun sözlərinə görə, Azərbaycanın dövlət başçısı ilə görüşdə Qarabağ münaqişəsinin nizamlanması əsas mövzulardan biri olacaq.
“Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərin əlaqələndirilməsini, xüsusilə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsini müzakirə edəcəyik. Bu istiqamətdə atıla biləcək mümkün addımlar nəzərdən keçiriləcək”, - deyə diplomat bildirib.
Ə.Davudoğlu qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub.
“Məhz Türkiyə Azərbaycanın böyük iqtisadi inkişafına, rəsmi Bakının beynəlxalq arenada qazandığı diplomatik uğurlara çox sevinir”, - deyə o vurğulayıb.