Avropa Birliyi Belarusa təsir göstərməkdə davam edir. Lakin son zamanlar Brüsselin Minskə qarşı mövqeyi müsbət tərəfə dəyişir. Belarus xarici işlər naziri Vladimir Makey belə hesab edir.
“Onlar (AB-də -İF-Az) anlayırlar ki, sanksiyalar müsbət irəliləyişlərə gətirməyəcək, yalnız münasibətləri dalana dirəyəcək. Biz AB ilə konstruktiv dialoq qurmaq istəyirik, son zamanlar isə bu istiqamətdə müsbət irəliləyişlər var”, - deyə nazir çərşənbə axşamı Bakıda Azərbaycan Diplomatik Akademiyasında iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş forumda bildirib.
V.Makey vurğulayıb ki, Minsk Brüsselə “açıq, konstruktiv və qarşılıqlı faydalı əməkdaşlıq” təklif edir. Nazirin sözlərinə görə, AB Belarus üçün prioritet ticarət tərəfdaşlarından biridir.
XİN başçısı qeyd edib ki, Belarus məhsullarının 47%-i Rusiyaya, 40%-i AB-yə ixrac edilir. “Belarus AB ilə xarici ticarətdə $8 mlrd. həcmində müsbət saldoya malikdir, Rusiya ilə ticarət balansı isə mənfidir”, - deyə o bildirib.
Bununla yanaşı, diplomat vurğulayıb ki, Rusiya əsas siyasi və iqtisadi tərəfdaşdır. İki ölkə arasında mal dövriyyəsinin həcmi $44 mlrd. təşkil edir.