Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu Qarabağ ədəbi mühitinin yetirməsi olan İbrahim Tahir Qarabağinin şeirlər toplusunu nəşr etdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əlyazmalar İnstitutundan məlumat verilib.
Kitaba daxil olan şeirlər ötən əsrin 20-30-cu illərində ayrı-ayrı mətbu orqanlarda çap edilsə də, indiyədək onun kitabı nəşr edilməmişdi.
Yeni şeir toplusuna şairin qəzəl, tərcibənd və tərkibbəndləri, mürəbbe, müxəmməs və təzminləri, məsnəvi və qəsidələri, satirik şeirləri daxil edilib.
Kitab AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları Raqub Kərimov və Əli Məmmədbağıroğlu tərəfindən hazırlanıb.