Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Euronews” telekanalında Gəncə şəhəri və Nizami Gəncəvi haqqında çəkilən verilişlə bağlı bəyanatla çıxış edib. Bu barədə AMEA-dan məlumat verilib.
Belə ki, telekanal Gəncə şəhərini Əhəməni imperiyasının ərazisi, Nizami Gəncəvini isə fars şairi kimi təqdim edib.
Veriliş hazırlanarkən Azərbaycanın elm və tarixindən uzaq olan insanlardan müsahibə alınıb və nəticədə həm Gəncənin qədim tarixi, həm də Nizami Gəncəvinin milli mənsubiyyəti özgələşdirilib.
Bundan başqa, verilişdə Gəncə şəhəri dəfələrlə fars şəhəri adlandırılıb.
Bununla əlaqədar, AMEA Gəncə Bölməsinin tarixçi və alimləri, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurası telekanalın Gəncə şəhəri və dahi Nizami Gəncəvi ilə bağlı hazırladığı verilişi Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı yönəlmiş təhrif və təhqir kimi dəyərləndirir və dərhal təkzib və üzr istəməsini tələb edirlər.