Fələstin XİN başçısı Riyad Əl-Maliki Fələstin dövlətinə kömək üçün $5 mln. vəsait ayırdığına görə Azərbaycana minnətdardır və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan digər dövlətlərin də bundan nümunə götürəcəyinə ümid edir.
“Tədbirin açılışında XİN başçısı Elmar Məmmədyarov Azərbaycanın $5 mln. məbləğində vəsait ayırdığını elan etdi”, - deyə Əl-Maliki dünən Bakıda keçirilən Fələstinə yardım üzrə beynəlxalq donor konfransının yekunlarına dair jurnalistlərə verdiyi açıqlamasında bildirib.
Bununla yanaşı, nazir Azərbaycanın bu addımına dərhal reaksiya verilməməsindən təəssüflənib. “Ola bilsin ki, bugünkü görüşün iştirakçıları qərar vermək səlahiyyətində deyillər”,- deyə o bildirib.
Fələstinin XİN başçısı qeyd edib ki, bəlkə də İƏT katibliyinin bu məsələ ilə əlaqədar hər bir ölkə ilə danışıqlar aparmasına zərurət var. “Yəqin ki, hər bir ölkəyə fərdi yanaşma üçün daha bir addım atmaq lazım gələcək”,- deyə nazir qeyd edib.
“Tənqiddən uzaq durub bütün prosesin inkişaf etməsini gözləmək lazımdır. Lakin mən Azərbaycanın işindən, rolundan, üzərinə götürdüyü öhdəliklərdən, verdiyi töhfədən, Xarici İşlər Nazirliyinin və bizə uğur qazanmaq üçün gözəl şərait yaratmış bütün insanların işindən razıyam”, - deyə o vurğulayıb.
“İkitərəfli münasibətlərə gəlincə, biz hesab edirik ki, ümidverici perpektivlər var. Azərbaycanla bizim münasibətlərimiz dost ölkələr, İƏT-ə və digər təşkilatlara üzv ölkələr arasında münasibətlərin necə inkişaf etməli olduğuna bir nümunədir. Ümid edirəm ki, biz digər ölkələrlə münasibətlərə də təsir göstərə biləcəyik”, - deyə o əlavə edib.
Əl-Maliki Bakıda ölkə prezidenti, XİN başçısı və baş nazirlə keçirilən görüşlərdən məmnunluğunu ifadə edib.
“ Mən Azərbaycanın verdiyi dəstəyi və töhfəni yüksək qiymətləndirirəm”, - deyə nazir vurğulayıb.