Kikboksinq üzrə Avrasiya çempionu, idman ustası Fərhad Aşurov intihar edib. Bu barədə Vesti.Az.portalında məlumat verilir.
İntihar hadisəsi “Quşçuluq” yaşayış massivində baş verib. O, evinin giriş qapısında qaz borusundan özünü asıb. F.Aşurovun meyitini qonşuları tapıblar.
Məlumata görə, F.Aşurov özü idmançı karyerasını məhv edib. Narkotik maddələrə aludəçiliyini bildikdən sonra onu federasiyadan uzaqlaşdırıblar. Bundan sonra o, məhkum olunub. Keçmiş idmançının sağlamlığı, o cümlədən, psixikası ilə bağlı problemləri yaranıb. Bu səbəbdən Aşurov nevroloji dispanserdə uçota durub.
Faktla bağlı araşdırma aparılır.
Bu, son həftə ərzində Azərbaycanda idmançıların intihar etməsi ilə bağlı ikinci hadisədir. Ötən həftə Sumqayıtda sambo üzrə dünya çempionu, sambo və cüdo üzrə dəfələrlə Azərbaycan çempionu Əhəd Rəcəbli intihar etmişdi. Qeyd edək ki, Əhəd Rəcəbli Azərbaycanda cüdo məktəbinin əsasını qoymuş Əhməd Rəcəblinin kiçik qardaşı idi. O, son vaxtlar dostlarına depressiyada olmasından şikayətlənirmiş.