Prezident İlham Əliyev çərşənbə axşamı Cinayət-Prosessual Məcəlləyə eks-prezident və onun həyat yoldaşının statusu ilə bağlı dəyişiklikləri təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycanın keçmiş prezidentləri və onların həyat yoldaşlarına bir sıra xüsusi imtiyazlar, o cümlədən xüsusi diplomatik status verilməsini nəzərdə tutan müvafiq dəyişikliklər respublikanın Cinayət-Prosessual Məcəlləsinə Milli Məclisin mayın 31-də keçirilən yaz sessiyasının sonuncu plenar iclasında qəbul edilib.
Bununla əlaqədar "İcra haqqında" və "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Əmək pensiyaları haqqında", "Milli arxiv fondu haqqında", "Sosial müavinətlər haqqında" qanunlara, eləcə də İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edilib.
"İcra haqqında" qanunun 68-ci maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanın keçmiş prezidenti və onun həyat yoldaşına ayrılmış pensiya və sosial müavinətə qarşı mülki tələb yönəldilə bilməz.
Qüvvədə olan qanunvericiliyə edilən son dəyişiklikdən sonra hazırkı prezident məvacibinin yarısı qədər - 7500 manat pensiya alır.
"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunun 6-cı maddəsinin beşinci hissəsinə edilən dəyişikliyə əsasən isə Azərbaycan Respublikası prezidentinə verildiyi kimi, keçmiş prezidentə və onun həyat yoldaşına da ömürlük diplomatik pasport veriləcək, bununla onlar da xüsusi diplomatik statusa malik olacaqlar. Buna görə dövlət rüsumu tutulmayacaq.