Sahibkarlığa Kömək Milli Fondu (SKMF) heyvandarlıq sahəsində layihələrin reallaşdırılmasına indiyədək ümumilikdə 54 mln. manat güzəştli kredit ayırıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Bu vəsaitlər “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi çərçivəsində ayrılıb.
“Bu istiqamətdə əsas prioritetlərdən biri ətlik və südlük istiqamətli müasir heyvandarlıq komplekslərinin yaradılmasından ibarətdir. SKMF 13 heyvandarlıq kompleksinin yaradılmasına indiyədək 54 mln. manat güzəştli kredit verib”, - deyə məlumatda bildirilr.
SKMF-in kreditləri hesabına yaradılmış müəssisələrdən biri də Bərdə rayonunda yerləşən “Qarabağ Aqrar Sənaye Kompleksi" MMC-dir. Müəssisənin strukturuna tutumu 5 min ton olan soyuducu kompleks, ət kəsimi fabriki, 2200 baş südlük və 2000 baş ətlik istiqamətli heyvandarlıq kompleksi daxildir.
“Bu günlərdə SKMF-in maliyyə dəstəyi ilə “Qarabağ Aqrar Sənaye Kompleksi" MMC Macarıstandan 200 baş südlük Holşteyn cinsindən olan damazlıq inək, 200 baş ətlik Şarole, Limuzin və Simental cinsindən olan dana gətirib. Yaxın vaxtlarda Smental cinsindən olan daha 900 baş inəyin gətirilməsi nəzərdə tutulub. Müəssisə ilin sonuna qədər inəklərin sayını 10 minə çatdırmaq niyyətindədir”, - deyə məlumatda bildirilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat güzəştli kredit verib, 2013-cü ildə 250 mln. manat kredit verməyi planlaşdırır.