Azərbaycanda hərbi xidmətə çağrış sistemində vahid elektron informasiya bazası yaradılacaq. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov belə bəyan edib.
“Xidmət hazırda Azərbaycanın hərbi xidmət sistemində vahid elektron informasiya sisteminin yaradılması üzərində çalışır və bu, tərəfimizdən təqdim olunan mühüm yenilik olacaq”, - deyə A.Rəhimov bu gün Azərbaycan Prezidentinin İşlər İdarəsinin rəsmi çap orqanı olan “Respublika” qəzetinə verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, bu sistem vasitəsi ilə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını və uçotunu aparmaq nəzərdə tutulur.
“İnformasiya sisteminin yaradılması ilə Xidmət hərbi mükəlləfiyyətlilərin ilkin hərbi qeydiyyatından başlayaraq ehtiyata verilməsinə qədər bütün dövrü elektron formada nəzarətdə saxlamaq imkanı əldə edəcək”, - deyə A.Rəhimov qeyd edib.