Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni binası və sərgi salonu istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Naxçıvan Muxtar Respublikasında rəssamlar üçün lazımi iş şəraiti yaradılır, emalatxanalar və sərgi salonu istifadəyə verilir. Bu gün istifadəyə verilən bu bina da naxçıvanlı rəssamların səmərəli fəaliyyətinə hərtərəfli şərait yaradacaq”, - deyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində bildirib.
Zəngin ənənələri olan Naxçıvan sənətkarlıq məktəbi böyük rəssamlar, memarlar və sənətkarlar yetişdirib”, – deyən Ali Məclisin sədri bildirib ki, bu məktəbin ən böyük nümayəndəsi XII əsrdə yaşamış memar Əcəmi Naxçıvani olub. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının əsasını qoymuş Bəhruz Kəngərli, mərhum rəssamlardan Şəmil Qazıyev, Mircəlil Seyidov və digər görkəmli sənətkarlar bu məktəbin yetirmələridir.
“Naxçıvan torpağı öz təbii zənginliyi ilə rəssamlıq akademiyası, rəssamlarımız üçün açıq səma altında məktəbdir. Naxçıvan təbiətinin rəngarəngliyi rəssamlarımıza seçim etməkdə çətinlik yaratmır. Müxtəlif janrlarda əsərlər yaradan rəssamlar üçün Naxçıvanda hər cür şərait var. Bütün bunlar da muxtar respublikamızda qədim sənət növləri olan oyma, döymə, tikmə və bir çox digər sənətkarlıq sahələrinin də tarixən formalaşmasına və inkişafına səbəb olub”, - deyə V.Talıbov əlavə edib.
“Hazırda muxtar respublikada 10 məktəbdənkənar müəssisədə və 3 uşaq incəsənət məktəbində 38 rəsm dərnəyi fəaliyyət göstərir. Bu dərnəklərdə 400-ə yaxın şagird rəssamlığın sirlərini öyrənir. Eyni zamanda Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda “Memarlıq” və “Təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə ali təhsilli gənc kadrlar hazırlanır. Artıq bu ixtisaslar üzrə ümumilikdə, 300-ə yaxın tələbə təhsil alır. Bu da muxtar respublikamızda rəssamlıq, memarlıq və təsviri sənətin digər sahələrində varisliyin davam etdirilməsini təmin edir”, - deyə o vurğulayıb.
Ali Məclis sədrinin sözlərinə görə, “bu gün muxtar respublikada döymə, oyma və tikmə sahəsində fəaliyyət göstərən sənətkarlar da yüksək səviyyəli əsərlər yaradırlar. Bu da NMR-in mədəni həyatının dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Artıq internet vasitəsilə Naxçıvan sənətkarlarının əsərləri sərgilənir, satışa çıxarılır, naxçıvanlı rəssamlar ölkəmizdə və xaricdə keçirilən sərgilərdə öz əsərlərini nümayiş etdirir, layiqli yerlər tuturlar. Son üç ildə müxtəlif səviyyəli 30 sərgidə naxçıvanlı rəssamların 1300-dən artıq əsəri nümayiş etdirilib”, - deyə o qeyd edib.
V.Talıbov bildirib ki, muxtar respublikada fəaliyyət göstərən rəssamlardan 1-i Azərbaycan Respublikasının xalq rəssamı, 6-sı Azərbaycan Respublikasının, 6-sı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, 7-si isə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.
Rəssamlar Birliyinin üç mərtəbəli binasında hər cür lazımi avadanlıqla təmin edilmiş beş iş otağı, yeddi yaradıcılıq emalatxanası və naxçıvanlı rəssamların 100-ə yaxın əsərinin nümayiş etdirildiyi sərgi salonu var.