Qaçqın və köçkün düşmüş 1 milyona yaxın azərbaycanlının tapdalanmış hüququ bu günə qədər beynəlxalq səviyyədə tanınmır. Bu barədə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov belə bəyan edib.
“Bu gün dünyada 36 milyona yaxın insan qacqındır, onların əksəriyyəti məcburi köçkünlərdir”, - deyə Ə.Həsənov bu gün Ombudsmanların XI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri tez-tez Azərbaycana gəlir və məcburi köçkünlərin problemləri, yaşayış şəraiti ilə tanış olurlar. Lakin hələ də bu kateqoriyadan olan əhalinin hüquqlarının müdafiəsi beynəlxalq qanunvericilikdə əks etdirilməyib.
“Qaçqınlardan fərqli olaraq məcburi köçkünlərə daha çox mənəvi ziyan dəyib, çünki onlar öz ölkələrinin ərazisindən zorla qovulublar”, - Ə.Həsənov bildirib.
O qeyd edib ki, müasir dünyanın inkişafı insan hüquqlarının və azadlıqlarının təmin olunmasına böyük diqqət tələb edir.
“Bu sahədə beynəlxalq konvensiyaların mövcud olmasına baxmayaraq, onlar icra olunmur”, - deyə Ə.Həsənov bildirib.
Onun sözlərinə görə, son illər Azərbaycan böyük uğurlar qazanıb, bu da dövlətimizin bədxahlarında qısqanclıq hissi oyadır.
“Azərbaycanda digər sahələrdə olduğu kimi insan hüquqlarının müdafiəsi sahəsində də böyük islahatlar həyata keçirilir”, - deyə Azərbaycanın ombudsmanı Elmira Süleymanova bildirib.
Onun sözlərinə görə, bu məqsədlə dövlət başçısı tərəfindən müxtəlif dövlət proqramları və layihələr imzalanıb və həyata keçirilməkdədir.
“Bütün dünyada bu sahədə problemlər var. Azərbaycan da istisna deyil. Bu konfransın keçirilməsində əsas məqsəd insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan problemlərin aradan qaldırılması üçün təcrübə mübadiləsi aparmaqdır”, - deyə E.Süleymanova bildirib.