Regional inteqrasiya proseslərinin intensivləşməsi müasir dünyada siyasi inkişafın əsas tərkib hissəsidir. Bu barədə Milli Məclisin vitse-spikeri bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) İcraiyyə Komitəsinin 30-cu iclasında çıxışı zamanı bildirib.
“Bu proseslərin mərkəzində dayanan regional təşkilatların qarşılıqlı əlaqəsi siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə hərtərəfli əməkdaşlığın genişlənməsi üçün imkanlar açır”, - deyə o qeyd edib.
Z.Əsgərov məmnunluqla qeyd edib ki, İƏT təşkilata üzv dövlətlər arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə xidmət edir.
“Məlumdur ki, birgə səylər olmadan dünyanın müxtəlif regionlarındakı mövcud siyasi, iqtisadi, ekoloji və digər problemləri həll etmək mümkün deyil”, - deyə o əlavə edib.
Z.Əsgərov ümumi islami dəyərlərə malik İƏT ölkələri arasında möhkəm əlaqələrin olduğunu söyləyib.
“Azərbaycanda islam sülh, həmrəylik, qardaşlıq, dostluq və humanizm dini kimi qəbul edilir və ölkələrimiz arasında əlaqələrin inkişafında əvəzsiz rol oynayır”, - deyə o vurğulayıb.
Milli Məclisin vitse-spikerinin sözlərinə görə, regionda mövcud olan problemlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq təhlükəsizliyə, sülh, sabitlik və əməkdaşlığa ciddi maneədir.
“Biz əminik ki, tezliklə bütün münaqişələr suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin pozulmazlığına əməl edilməklə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll ediləcək. İnanıram ki, regionda sülh və sabitliyin təmin olunması burada yaşayan xalqların maraqlarına xidmət edəcək”, - deyə Z.Əsgərov vurğulayıb.
İƏT Pİ-nin 30-cu iclasının gündəliyinə təşkilata üzv ölkələr arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı, o cümlədən iqtisadi və ekoloji problemlərin həlli, insan hüquqları, qadınların ictimai-siyasi proseslərdə iştirakı ilə bağlı məsələlər daxil edilib.
İclasın sonunda bəyannamə qəbul ediləcək.