Çərşənbə günü Bakıda Milli Məclisin deputatı Musa Urudun “Zəngəzur toponimləri” kitabının təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən xəbər verir.
Təqdimat mərasimində çıxış edən hakim Yeni Azərbaycan Partiyasının üzvü, parlamentin deputatı Mübariz Qurbanlı qeyd edib ki, kitabın müəllifi uzun illər ərzində beynəlxalq arenada sənədli sübutlar təqdim edərək Azərbaycana qarşı yönəlmiş erməni siyasətinin ifşa edilməsi ilə məşğuldur.
“Bu kitabda M.Urud Zəngəzurun türk xalqlarına məxsus olması barədə doğru tarixi faktlar təqdim edib”, - deyə M.Qurbanlı bildirib.
“Tarixdən nümunələr götürmək hər birimizin borcudur. Tariximiz hər zaman kənar qüvvələr tərəfindən saxtalaşdırılıb. İndi müstəqil dövlətə çevrilən Azərbaycan onun əsl tarixini əks etdirən kitablar nəşr etdirir”, - deyə o əlavə edib.
Milli Məclis yanında Toponomiya Komissiyasının üzvü, şair-publisist Musa Urud hazırda Ermənistana məxsus qədim Azərbaycan ərazilərindən birinə həsr olunmuş “Zəngəzur toponimləri” kitabının təqdimatını keçirib. Müəllif kitabda 838 toponimin geniş izahını verib. Kitabda sənədlər, elmi ədəbiyyat, bu ərazidə yaşamış insanların xatirələri təqdim olunub. Müəllif həmçinin qədim türk xalqlarına məxsus olan bu regionun mədəni etimologiyası və etnoqrafiyası ilə bağlı tədqiqatları təqdim edib.