İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılan monitorinqlər zamanı "Unibank Kommersiya Bankı" ASC-yə məxsus bukletdə və www.unibank.az saytında "Albalıkart çox-çox sərfəli kart!, Hissə-hissə ödə, faizsiz ödə, bonuslar qazan" məzmunlu reklam xarakterli məlumatların verildiyi müəyyən edilib. Bu barədə nazirliyin məlumatında deyilir.
Aparılmış araşdırmalar zamanı "Unibank Kommersiya Bankı" ASC ilə müqavilə bağlamış bəzi üzv ticarət obyektləri tərəfindən istehlakçılara "Albalıkart" kredit kartı vasitəsilə mallar satıldıqda, malın qiymətinin üzərinə ödəniş müddətinə uyğun faizlər əlavə olunduğu və bonusların verilmədiyi müəyyən edilib. Qeyd olunan hallarda qanunsuz reklam üsullarından istifadə olunmaqla istehlakçıların çaşdırılmasına və haqsız rəqabətə səbəbolma əlamətlərinin olduğu müəyyənləşdirilib”, - deyə məlumatda qeyd olunur.
Bununla əlaqədar "Unibank Kommersiya Bankı" ASC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb. Bankın nizamnamə kapitalında 76,52% 9 fiziki şəxsə, 15,15% AYİB-ə, 8,33% DEG-ə məxsusdur.