Bakıda ABŞ təhsilli məzunların 2-ci Təhsil Forumu keçirilir. Forum təhsil sahəsində islahatlara həsr olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
"Ümid edirəm ki, bu forum zamanı Azərbaycanın təhsil sistemində islahatların aparılmasına töhfəsini verəcək bir çox yeni təklif və təşəbbüslər dinlənilərək müzakirəyə çıxarılacaq”, - deyə Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov forumda bildirib.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, təhsil sahəsində islahatların aparılması vaxt və səbir tələb edir.
“Qısa müddətdə islahatlar aparmaq mümkün deyil. Bu səbəbdən islahatların nəticələrini biz yalnız bir neçə nəsildən sonra görə biləcəyik. İslahatlar təhsilin bütün sahələrini, o cümlədən inklüziv təhsili əhatə edəcək”, - deyə M.Cabbarov bildirib.
O, həmçinin qeyd edib ki, islahatların keçirilməsi yalnız tədris müəssisələrinin deyil, həm də ümumilikdə bütün cəmiyyətin işidir: “QHT, dövlət strukturları və ictimaiyyət bizə yardım etməlidir”.
Forumda təqdim olunan materiallar ayrıca kitab kimi nəşr olunacaq. Daha sonra kitabın müxtəlif dövlət strukturları və digər təşkilatlara göndərilməsi planlaşdırılır.