Azərbaycan kənd təsərrüfatı sektorunda risklərin sığortalanmasının Türkiyə modelini tətbiq edə bilər. Bu barədə cümə axşamı jurnalistlərə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov söyləyib.
“Biz Türkiyənin “Tarsim” təşkilatı tərəfindən tətbiq edilən aqrar sığorta sistemini diqqətlə öyrənirik. Bu sistemin mahiyyəti aşağıdakından ibarətdir: dövlət sığorta şirkətləri ilə əməkdaşlıq çərçivəsində “Tarsim” təşkilatını yaradıb. Bu, bir növ özəkdir. Sığorta şirkətləri satış zamanı agent funksiyasını yerinə yetirirlər. Onlar müqavilə bağlayır, şəhadətnamə verir, sığorta haqqının 50%-ni alır, özlərinə komissiya saxlayır, qalanını isə “Tarsim”ə yönəldirlər. Dövlət öz tərəfindən qalan 50%-i “Tarsim”ə ödəyir”, - deyə N.Xəlilov bildirib.
Onun sözlərinə görə, sığorta hadisəsi baş verdikdə fermerlər sığorta ödənişini almaq üçün “Tarsim”ə müraciət edirlər. “Qeyd etmək lazımdır ki, bu halda böyük ekspert qrupu işləyir və sonda “Tarsim” qarşısında hesabat verir”, - deyə o qeyd edib.
“Türkiyədə bu sistem 2006-cı ildən işləyir və özünü doğruldub. Əgər biz “Tarsim” prinsiplərinə əsaslanan bu sistemə keçsək, bu, Azərbaycanın aqrar sektorunun inkişafına kömək edəcək”, - deyə N.Xəlilov əlavə edib.
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2013-cü ilin yanvar-may aylarında Azərbaycanda sığortaçıların kənd təsərrüfatı sahəsində risklərin sığortalanması üzrə əldə etdikləri sığorta haqqı 400 min 776,23 manat (bu dövrdə sığortaçıların bütün sığorta haqlarının 0,24%-i), ödənişləri isə 473 min 42,66 manat təşkil edib.