Yaxın beş il ərzində Azərbaycanın sığorta bazarının həcmi 1 mlrd. manata çata bilər. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov belə hesab edir.
“Bazarın həcmi hər il 20% artır. Belə templərlə təxminən beş il sonra biz sığorta haqlarının həcminin 1 mlrd. manata çatmasına nail ola bilərik”, - deyə N.Xəlilov cümə axşamı jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, 2012-ci ilin yekunları üzrə Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 342,5 mln. manat təşkil edib.
Daha əvvəl N.Xəlilova istinadən məlumat verilib ki, 2013-cü ildə Azərbaycanın sığorta bazarının artımı 15-20%, toplanan haqların həcmi 400 mln. manat təşkil edə bilər.
2013-cü ilin yanvar-may aylarında Azərbaycanda sığortaçıların sığorta haqları 168,7 mln. manat, ötən ilin analoji dövrü ilə müqayisədə artım 16,6% təşkil edib.