Azərbaycanın Naxçıvan Muxtar Respublikası (MR) və Fələstin iqtisadi sahədə əlaqələrin inkişafı üçüçn yaxşı potensiala malikdir. Bu barədə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimlə görüşdə bəyan edib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, Naxçıvan MR rəhbəri Azərbaycanla Fələstin arasında siyasi sahədə əlaqələrin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, Fələstinin ölkəmizdə səfirliyinin fəaliyyət göstərməsi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda Azərbaycanla Fələstin arasında iqtisadi sahədə də əlaqələr inkişaf etdirilir. “Naxçıvan Muxtar Respublikası və Fələstin arasında iqtisadi sahədə əlaqələrin inkişafı üçün yaxşı potensial var”, - deyə V.Talıbov bildirib.
N.Ə.Kərim səmimi qəbula görə minnətdarlığını bildirərək Azərbaycanın qədim diyarı Naxçıvana səfərindən məmnunluq ifadə edib. Azərbaycanda Fələstin səfirliyinin 2 il bundan əvvəl açıldığını bildirən səfir diplomatik fəaliyyəti dövründə ölkəmizlə, eləcə də Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinə çalışacağını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində fələstinli diplomat Naxçıvanın görməli yerləri, tarixi abidələri, təhsil və istehsal müəssisələri ilə tanış olub.