SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nin satın alınması barədə Yunanıstan Respublikasının Əmlakının İdarə Edilməsi Fondu (HRADF/TAIPED) ilə prinsipial razılıq əldə edib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“SOCAR və HRADF-ın məşvərətçi qrupları hazırda sazişin son texniki məsələləri üzərində işləyirlər”,- deyə məlumatda bildirilir.
Məlumatda SOCAR-ın prezidenti Rövnəq Abdullayevə istinadən bildirilir ki, “DESFA-nın satın alınması haqqında qərar Yunanıstan və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli ikitərəfli münasibətlərin, həmçinin SOCAR və Yunanıstanın aparıcı enerji şirkətləri arasında əlaqələrin təzahürüdür”.
R.Abdullayevin sözlərinə görə, Xəzər regionunda təbii qaz kəmərləri sisteminin istismarı sahəsində böyük təcrübə qazanmış SOCAR Avropa Birliyi ölkələrində bu tipli ilk layihədə, Yunanıstanda fəaliyyətə başlamaq əzmindədir.
“SOCAR Yunanıstanda əməkdaşlığın gələcəyinə nikbin baxır”, - deyə o vurğulayıb.
SOCAR tərəfindən DESFA səhmlərinin 66%-nin almasına dair sövdələşmənin dəyəri açıqlanmır.
Lakin “GreekReporter” xəbər portalının məlumatına görə, DESFA-nın səhmlərinin 66%-ni almağa yeganə iddiaçı olan SOCAR öz təklifini $400 mln.-a qədər artırıb.
Xəbər verildiyi kimi, 2013-cü il iyunun 10-da Yunanıstanın qaz treyderi olan DEPA və qaz nəqli sisteminin operatoru DESFA-nın satışı üzrə müsabiqə keçirilib. İddiaçı şirkətlər - “Qazprom”, “Sintez”, SOCAR, Yunanıstanın “M&M Gas” və “GEK Terna” şirkətləri təkliflərini özəlləşdirmə agentliyinə təqdim etməli idilər. Lakin DEPA üçün heç bir ərizə verilməyib. Bununla əlaqədar müsabiqə yenidən keçiriləcək.