Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Elxan Qəhrəmanovun bu ölkənin iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə BƏƏ arasında Hökumətlərarası İqtisadi Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansuri ilə görüşü zamanı birgə investisiya fondlarının yaradılması və həmin vəsaitlərin üçüncü ölkələrə yatırılması məsələləri müzakirə olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Dubayda keçirilən Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının IV iclası zamanı imzalanmış Protokoldan irəli gələn məsələləri müzakirə ediblər.
Həmçinin tərəflər iki ölkə arasında əməkdaşlıq qrupunun təsis edilməsi, Azərbaycan və BƏƏ-nin regionları arasında birbaşa hava əlaqələrinin yaradılması imkanları ətrafında fikir mübadiləsi aparıblar.