Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan hökuməti respublikada biznes mühitin yaxşılaşdırılması məsələsi ilə bağlı məsləhətləşmələr aparır. Bu barədə AYİB-in Bakı ofisinin rəhbəri Nil Makkeyn cümə günü Azərbaycan biznes forumunda bəyan edib.
“Biznes mühitin yaxşılaşdırılması Azərbaycanın özəl sektorunun inkişafı üçün əsas istiqamətlərdən biridir. Bununla bağlı fəaliyyət planımız var. Bu məsələyə dair Maliyyə, İqtisadi İnkişaf nazirlikləri, Mərkəzi Bank ilə siyasi dialoq aparırıq”, - deyə N.Makkeyn bildirib.
Onun sözlərinə görə, biznes mühitin yaxşılaşdırılması gələcəkdə Azərbaycana bir sıra üstünlüklər əldə etməyə imkan yaradacaq.
N.Makkeyn vurğulayıb ki, hazırda Azərbaycan hökuməti insan kapitalının inkişafına investisiyaların artırılması siyasətini həyata keçirir.
Bundan başqa, AYİB Azərbaycan hökuməti ilə maliyyə sektorunun inkişafı, kapital və bank olmayan kredit təşkilatları bazarlarının inkişafına yönələn məsləhətləşmələr və birgə layihələr həyata keçirir.
“Azərbaycan hökuməti infrastrukturun bərpası və inkişafı, e-hökumətin yaradılmasına yönəlmiş düzgün investisiya siyasəti yürüdür. Bütün bunlar özəl sektorun inkişafına kömək edir”, - deyə o əlavə edib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövrü ərzində AYİB Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında 131 layihənin həyata keçirilməsinə $2,1 mlrd.-dan artıq vəsait ayırıb.
Biznes forumun təşkilatçıları Azərbaycan hökuməti və Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (QDTİB).