Cümə axşamı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın alman dilində nəşr olunmuş kitabının təqdimatı olub. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə “Renate Rollfinke” nəşriyyatında çapdan çıxmış kitabın təqdimat mərasimində Avstriyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Təqdimatı giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qeyd edib ki, mərkəzin əsas məqsədi Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi və incəsənətini təbliğ etməkdir.
L.Qasımova Anarın həyat və yaradıcılığı barədə danışıb, onun müasir Azərbaycan ədəbiyyatında yeri, yazıçı, şair, ssenarist, tərcüməçi kimi çoxşaxəli yaradıcılıq fəaliyyətinə toxunub.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov qeyd edib ki, Anarın alman dilində nəşr olunmuş kitabında ən populyar əsərlər toplanıb.
Q.İsrafilov bu layihədə iştirakına görə tərcüməçi Liliane Qrimmin və əslən bakılı olan Renate Rollfinkenin rəhbərlik etdiyi “Renate Rollfinke” nəşriyyatına minnətdarlığını bildirib. O, gələcəkdə də Azərbaycan ədəbiyyatından tərcümələr sahəsində bütün tərəfdaşlarla birgə uğurlu layihələrə imza atacaqlarına ümidvar olduğunu qeyd edib.
Xalq yazıçısı Anar kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirib, dünya mədəniyyətinin mərkəzlərindən biri sayılan Vyana şəhərində kitabının təqdimat mərasiminin keçirilməsindən məmnunluğunu ifadə edib. Anar qeyd edib ki, bu, alman dilli məkanda sayca dördüncü, Avstriyada isə ilk kitabıdır.
Azərbaycanın dostu, uzun illərdən bəri respublikamızla sıx əlaqələrə malik olan və ölkəmizdə dəfələrlə səfərdə olmuş Lilane Qrimm böyük şövq və həvəslə Azərbaycanın görkəmli yazıçısı Anarın hekayələrini tərcümə etdiyini vurğulayıb, gələcəkdə də Azərbaycan ədəbiyyatının sanballı nümunələrinin alman dilinə çevrilməsi işini davam etdirəcəyini bildirib.
Sonra Anar kitabda toplanmış hekayələrindən parçalar oxuyub. Həmin parçalar, həmçinin alman dilində də səsləndirilib. Müəllif oxucular üçün kitabın nüsxələrini imzalayıb.
Kitabda Anarın ən çox oxunan hekayələri – “Mən, sən, o və telefon”, “O gecənin səhəri”, “Gürcü familiyası”, “Yaxşı padşahın nağılı” və s. əsərləri toplanıb.
Azərbaycan yazıçısı və publisisti, “Ölkəm” jurnalının baş redaktoru Günel Anarqızının alman dilinə çevrilmiş “Qarabağ hekayələri” kitabı, eləcə də Anarın digər kitabları Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasına hədiyyə edilib.