Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyev çar Rusiyasına aid qızıl sikkələrin qaçaqmalçılığında ittiham olunaraq həbs edilib.
“Akif Muradverdiyev gömrük nəzarəti qaydalarının pozulmasına görə saxlanılıb. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev məlumat verib.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. A.Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.