Avropa İttifaqı və Azərbaycan “Cənub” qaz dəhlizinin tikintisindən qarşılıqlı fayda əldə edəcəklər. Bu barədə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və prezident İlham Əliyev cümə günü Brüsseldə keçirdikləri birgə mətbuat konfransında bəyan ediblər.
J.M.Barrozu Brüssseldə danışıqlar apardığı İ.Əliyevə istinadən məlumat verib ki, gələn həftə “Şahdəniz II” beynəlxalq konsorsiumu “Cənub” qaz dəhlizinin Xəzərin qaz yataqları və Aİ ölkələri arasında Avropa qolunun tikintisinə dair qərar qəbul edəcək.
Onun sözlərinə görə, konsorsium iştirakçıları bu qolun iki variantı arasında seçim edəcəklər: “Nabucco-Qərb” (Bolqarıstan, Rumıniya və Macarıstan vasitəsilə - İF-Az) və Trans-Adriatik qaz kəməri – TAP (Yunanıstan və İtaliya vasitəsilə).
J.M.Barrozu vurğulayıb ki, “Cənub” qaz dəhlizinin tikintisinin başa çatması ilkin mərhələdə 2019-cu ilə qədər Avropaya ildə 10 mlrd. kubmetr qaz nəql etməyə imkan verəcək. Ortamüddətli perspektivdə isə dəhliz Aİ-nin qaza olan tələbatının 10%-ni ödəyə biləcək.
İ.Əliyev bəyan edib ki, Azərbaycan Avropada proqnozlaşdırılan sabit bazarı tapacaq, Avropa isə Azərbaycandan alternativ qaz mənbəyi əldə edəcək. O əmin olduğunu bildirib ki, Azərbaycandan nəql olunan qazın həcmi “Şahdəniz II” layihəsi ilə məhdudlaşmayacaq. Çünki Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları iki trilyon kubmetr təşkil edir, Avropa isə Azərbaycan qazı üçün əsas bazardır.