Prezident seçkilərində İlham Əliyevin növbəti müddət üçün də prezident seçilməsi Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaradacaq. Koreya Respublikasının hakim “Senuri” Partiyasının və Milli Assambleyasının üzvü, Məhkəmə Sistemində İslahat üzrə Xüsusi Komitəsinin sədri Yu Ki Cun belə hesab edir.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovla görüş zamanı iki partiya arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirən Y.K.Cun təmsil etdiyi partiyanın rəhbərliyinin bu əməkdaşlıqdan məmnun olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, üç il əvvəl iki partiya arasında imzalanmış memorandum Azərbaycan-Koreya münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayır.
Ölkələrimizin hakim partiyaları arasında münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyindən danışan Y.K.Cun diqqətə çatdırıb ki, təmsil etdiyi partiya YAP-ın V qurultayında Azərbaycan dövlətinin başçısı İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin irəli sürülməsini səmimi qarşılayıb.
Partiyalar arasında anlaşma memorandumunun imzalandığını deyən Ə.Əhmədov bildirib ki, partiyalararası əməkdaşlıq ölkələr arasındakı münasibətlərin inkişafına töhfə verir. Onun sözlərinə görə, Azərbaycan ilə Koreya Respublikası arasındakı dostluq əlaqələri partiyalararası münasibətlərin daha da möhkəmlənməsinə zəmin yaradır.