ABŞ prezidenti Barak Obama və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı Türkiyədə hökumət əleyhinə keçirilən etiraz aksiyaları müzakirə olunub. Bu barədə iki ölkənin liderlərinin birgə bəyanatında deyilir.
“İki lider zorakılıq metodlarından imtina edilməsinin, mətbuat, söz və sərbəst toplaşma azadlığının vacibliyi barədə danışıb”, - deyə sənəddə bildirilir.
Daha əvvəl Vaşinqton Türkiyənin hakim dairələrinin nümayişçiləri dağıtmaq üçün güc tətbiq etməsindən narahatlığını ifadə etmiş, Ankara isə öz növbəsində, bu tənqidə etirazını bildirmişdi.
B.Obama və R.T.Ərdoğan arasında Suriya məsələsinə dair fikir mübadiləsi də aparılıb. Onlar Suriya üsyançılarına əlavə yardım edilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Türkiyənin “Hürriyyət” qəzetinin daha əvvəl verdiyi xəbərə görə, B.Obamanın Suriya müxalifətinə hərbi kömək göstərilməsinə razılıq verməsindən sonra ikitərəfli əlaqələr intensivləşib.