İyunun 27-də Bakıda Azərbaycan və Macarıstan iş adamlarının iştirakı ilə işgüzar görüş keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) məlumatında deyilir.
Görüş Macarıstanın telekommunikasiya məsələləri üzrə dövlət katibi Vilmoş Vali-Nadin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil olunacaq.
Macarıstan nümayəndə heyətinin tərkibinə İKT sahəsində fəaliyyət göstərən iş adamları daxil olacaq.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.