Azərbaycan vətəndaşlarının bugünkü rifahı prezident İlham Əliyevin siyasətinin nəticəsidir. Bu isə oktyabrda keçiriləcək seçkilərdə onun dövlət başçısı postuna təkrar seçilməsini proqnozlaşdırmağa əsas verir. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bəyan edib.
“Seçicilərin mütləq əksəriyyəti birmənalı şəkildə prezident İlham Əliyevin namizədliyini dəstəkləyir”, - deyə o, çərşənbə axşamı YAP Nərimanov rayon təşkilatında ərazi ilk təşkilat sədrləri ilə görüşdə bəyan edib.
Ə.Əhmədov qeyd edib ki, görüşdə məqsəd keçiriləcək seçkilərlə bağlı fikir mübadiləsi aparmaqdır. Onun sözlərinə görə, bu illər ərzində ölkədə bütün sahələr inkişaf edib. Azərbaycan ən dinamik inkişaf edən ölkə imicini qazanıb və bu gün də bu imici saxlamaqdadır.
“Əgər əvvəllər insanlar yaşamaq uğrunda düşünürdülərsə, bu gün daha yaxşı yaşamaq haqqında düşünürlər. Bu, İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticəsidir”, - deyə o əlavə edib.