“AccessBank” $60 mln. məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Bu barədə bankın məlumatında deyilir.
Kredit Niderland İnkişaf Bankı (FMO) tərəfindən sindikatlaşdırılıb. Avstriya İnkişaf Bankı (OeEB) və Fransa İnkişaf Bankı (PROPARCO) da sindikatlaşdırmanın iştirakçılarıdır.
Məlumatda qeyd edilir ki, bu kredit “AccessBank”a mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi istiqamətində öz fəaliyyətini genişləndirməyə kömək edəcək. Cəlb olunmuş vəsaitlər regional sahibkarlara, xüsusən, kənd yerlərində fəaliyyət göstərən iş adamlarına böyük məbləğdə kreditlərin verilməsinə yönələcək.
“Bu sövdələşmə “AccessBank”ın 10 illik fəaliyyəti dövründə beynəlxalq konsorsiumdan cəlb etdiyi ən böyük təkrar maliyyələşdirmə paketidir”, - deyə məlumatda qeyd olunur.
“Bu, “AccessBank” üçün mühüm sövdələşmədir və biz öz tərəfdaşlarımıza göstərdikləri dəstəyə və etimada görə minnətdarıq. Bizim üçün ayrılmış maliyyə vəsaitləri, xüsusən, dinamik inkişaf edən regional iqtisadiyyatın qeyri-neft sektoruna aid mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsi üzrə fəaliyyətimizi davam etdirməyə kömək edəcək”, - deyə məlumatda bankın baş meneceri Mixael Hoffmana istinadən bildirilir.