Azərbaycanın Misirdəkı səfirliyi bu ölkədə yaşanan son siyasi hadisələrlə bağlı Azərbaycan vətəndaşlarına təkidlə ehtiyatlı olmağı tövsiyə edir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın Misir Ərəb Respublikasındakı diplomatik missiyası Qahirədə yaşanan son siyasi hadisələr və 30 iyun tarixində keçirilməsi planlaşdırılan kütləvi nümayişlər ilə əlaqədar Azərbaycan vətəndaşlarına ehtiyatlı olmağı və xüsusi zərurət olmadığı təqdirdə şəhərin mərkəz hissəsi, Heliopolis rayonu və digər kütləvi yerlərdən kənar durmağı tövsiyə edir.
Azərbaycan səfirliyi vətəndaşlara müəyyən miqdarda ehtiyat ərzaq tədarükünün görülməsi, avtomobillərinin yanacaqla təchiz edilməsi və telefonlarının işlək vəziyyətdə olmasının təmin edilməsini məsləhət görür.
Səfirlikdə qeydiyyatda olmayan və ya müəyyən qısa müddətli ezamiyyət məqsədilə Misirdə olan azərbaycanlı vətəndaşların tezliklə səfirlikdə qeydiyyatdan keçmələri tövsiyə olunur.
Hər hansı bir zərurət yarandığı təqdirdə vətəndaşlar (002) 01008158628 və ya (002) 01014234441 qaynar xətlər vasitəsilə istənilən vaxt səfirliklə əlaqə saxlaya bilərlər.