SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) cümə axşamı Ucar, Nizami, Xətai, Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar saat 10:00-dan 18:00-dək “Ucar” Qazpaylayıcı Stansiyasından Ucar rayonuna gedən qaz kəmərində, saat 10:00-dan 17:00-dək “Binə” Qazpaylayıcı Stansiyasından, saat 10:00-dan 14:00-dək “Əhmədli”, “Keşlə”, Qazpaylayıcı Stansiyalarından, “Nizami ümumi”, “Bakıxanov əhali”, “Məişət-12”, “Cavanşir” və “Dənizçilik məktəbi” ölçü qovşaqlarından təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Ucar, Nizami rayonlarına, Xətai rayonunun böyük bir hissəsinə, Xəzər rayonunun Binə qəsəbəsinə və Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.