Ümumdünya Turizm Təşkilatı Azərbaycanın ölkəyə çoxlu sayda beynəlxalq turistlərin cəlb olunmasına yönələn yeni elektron viza sistemini tətbiq etməsini alqışlayır. Bu barədə təşkilatdan məlumat verilib.
“Azərbaycanın qərarı viza rejiminin sadələşdirilməsinin ölkədə turizmin inkişafı üzrə əsas tədbir ola biləcəyini göstərir. Bu yeni sistem Azərbaycana səyahətləri təşviq edir və beynəlxalq turist axınlarını artıraraq gələcəkdə ölkənin turizm sektorunun inkişafına səbəb olacaq”, - deyə məlumatda ÜTT-nin baş katibi Taleb Rifainin sözlərindən sitat gətirilir.
“Azərbaycan prezidenti İlham Əliyevin qərarı ilə tətbiq edilən və 2013-cü ilin mart ayından qüvvədə olan elektron viza sistemi ölkəyə səfər edən xarici vətəndaşlar üçün viza prosedurlarının sadələşdirilməsinə yönəlib. Bu tədbir sənədlərin rəsmiləşdirilməsinin sadələşdirilməsinə, vizanın hazırlanması müddətinin və onun qiymətinin azaldılmasına xidmət edir.
Hazırda ölkədə fəaliyyət göstərən 25 turoperator beynəlxalq turistlərə elektron viza vermək icazəsi əldə edib. Həmin turoperatorların sayının artırılması üzrə tədbirlər həyata keçirilir. Bu sistemin tətbiqi beynəlxalq turistlərin Azərbaycana gəlməsinin sadələşdirilməsi üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanının sərhəd nəzarət-buraxılış məntəqələrinin işində müvafiq dəyişikliklərin edilməsini zəruri edəcək.
Viza rejiminin sadələşdirilməsi turizmin inkişafı və iş yerlərinin açılmasına şərait yaradan mühüm tədbirlərdən biridir. G-20-yə daxil olan ölkələrdə viza rejiminin sadələşdirilməsinə dair tədbirlərin reallaşdırılması ən azı 5,1 mln. yeni iş yerinin yaradılması və 2013-2015-ci illərdə beynəlxalq turizmdən əlavə $200 mln. məbləğində ixrac gəlirlərinin daxil olmasına imkan yaratmaq iqtidarındadır.