Bu gün prezident İlham Əliyev Rumıniyanın baş naziri Viktor Ponta ilə keçirilən görüş zamanı özəl sektorda yaxşı əməkdaşlığın yaradılması, həmçinin iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi ilə bağlı imkanların müəyyənləşdirilməsinin önəmini qeyd edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Azərbaycan ilə Rumıniya arasında fəal əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edərək ölkələrimiz arasında güclü ikitərəfli münasibətlərin mövcud olduğunu vurğulayıb.
İki dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Viktor Ponta ölkəsinin Avropa İttifaqında Azərbaycanın ən yaxın dostlarından biri olaraq qalmaqda davam edəcəyini qeyd edib. Azərbaycan prezidentinin Rumıniyaya, Rumıniya prezidentinin isə Azərbaycana səfərlərini məmnunluqla xatırlayan baş nazir ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində siyasi əlaqələrlə yanaşı, iqtisadi əlaqələrin də əhəmiyyətini qeyd edib.
Görüşdə birgə layihələrin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.