Azərbaycan Vyetnamla təkcə neft-qaz sənayesi sahəsində deyil, iqtisadiyyatın digər sahələrində də əməkdaşlıq etməyə hazırdır. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov cümə axşamı Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı bəyan edib.
“Azərbaycan prezidenti İlham Əliyev Cənub-Şərqi Asiya ölkələri, o cümlədən Vyetnamla əlaqələrin inkişafına böyük önəm verir”, - deyə spiker bildirib.
İqtisadi sahədə münasibətlərin mövcud potensiala uyğun olmadığını söyləyən O.Əsədov bu sahədə yüksək nailiyyətlər əldə etmək üçün geniş imkanların olduğunu söyləyib. O, müxtəlif sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Uonq Çu Lu ölkəsinin Azərbaycanla neft-qaz, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığa böyük maraq göstərdiyini qeyd edib.
O.Əsədov Vyetnam parlamentinin sədri adından Hanoya rəsmi səfərə dəvət olunub.