ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynamasına ehtiyac var. ABŞ Ermənistanı qoşunlarını Azərbaycan ərazisindən geri çəkməyə inandırmaq üçün imkana və əsasa malikdir. Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayev belə hesab edir.
“ABŞ-ın Ermənistanı öz qoşunlarını Azərbaycan ərazisindən geri çəkməyə inandırmaq, məcburi köçkünlərə öz evlərinə qayıtmağa və sülh quruculuğuna kömək etmək üçün imkanı və əsası var”, - deyə N.Ağayevin The Wall Street Journal və bir sıra digər Amerika KİV-lərində dərc edilmiş məqaləsində bildirilir.
Diplomatın fikrincə, ABŞ-ın sülh prosesində fəal iştirakı Qarabağ münaqişəsinin həllində həlledici əhəmiyyət daşıyır. “Lakin bu, hələ ki, baş vermir. Münaqişənin həlli üzrə əsas vasitəçi beynəlxalq təşkilat olan Minsk Qrupu hələ də ABŞ-ın öz daimi həmsədrini təyin etməsini gözləyir. Təbii ki, münaqişənin həlli ABŞ-ın maraqlarının olduğu və dünyanın mühüm əhəmiyyət kəsb edən bu hissəsində sabitliyin açarıdır”, - deyə baş konsul bildirib.
N.Ağayev ABŞ-ı 1990-cı illərin əvvəllərində erməni lobbisinin təsiri altında Amerika qanunvericiləri tərəfindən "Azadlığa Dəstək Aktı”na qəbul edilmiş və Amerika-Azərbaycan əməkdaşlığını məhdudlaşdıran 907-ci düzəlişi tamamilə ləğv etməyə çağırıb.