ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-qərbindəki təmas xəttində keçirilmiş növbəti monitorinq insidentsiz başa çatıb.
“Lider” telekanalının verdiyi məlumata görə, monitorinq başlamazdan öncə ATƏT nümayəndələri Tərtər rayon İcra Hakimiyyətində olublar. Burada onlara məlumat verilib ki, cari ilin aprel ayında Tərtər rayonunda keçirilmiş monitorinqdən ötən vaxt ərzində Ermənistan tərəfi atəşkəs rejimini 500 dəfədən artıq pozub.
Vurğulanıb ki, Ermənistan tərəfi daha çox Qapanlı kəndi istiqamətində gərginlik yaradır.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.