Bakıda Rusiya-Azərbaycan İşgüzar İqtisadi Klubu təsis edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri cümə günü təqdimat mərasimindən xəbər verir.
Klub Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi və Ticarət Nümayəndəliyinin himayəsi altında və təşkilati dəstəyi ilə təsis edilib.
Azərbaycanda Rusiya şirkətlərinin maraqlarının dövlət orqanlarında irəliləyişi və təbliği, Azərbaycanda artıq fəaliyyət göstərən və yaxud bu bazara çıxmaq istəyən şirkətlərin dəstəklənməsi, Azərbaycan şirkətlərinin Rusiyada tərəfdaş axtarışı və Rusiya bazarına çıxış zamanı dəstəklənməsi, Azərbaycanda biznesin aparılması üzrə informasiya və təcrübə mübadiləsi üçün meydança funksiyalarının həyata keçirilməsi və sairədir.
“2013-cü ilin yanvar-may aylarında Azərbaycan və Rusiya arasında mal dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% artıb. Hesabat dövrü ərzində Azərbaycan məhsullarının Rusiya bazarına ixracı 73%, Rusiyadan Azərbaycana idxal 17% artıb”, - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) vitse-prezidenti Vidadi Quliyev bildirib.
Onun sözlərinə görə, son 10 ildə Rusiya iqtisadiyyatına yatırılan Azərbaycan investisiyalarının həcmi $560 mln. təşkil edib.
V.Quliyev əlavə edib ki, Azərbaycanda Rusiya kapitalına malik 479 şirkət qeydiyyata alınıb.
O, həmçinin Azərbaycan və Rusiya şirkətlərini mövcud iqtisadi potensialdan fəal istifadə etməyə çağırıb. “Azpromo biznesin irəliləməsində həm Azərbaycan, həm də Rusiya şirkətlərini hər zaman dəstəkləməyə hazırdır”, - deyə V.Quliyev qeyd edib.
Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin məsləhətçisi Viktor Qluşenko bəyan edib ki, iki ölkənin şirkət və sahibkarları arasında məhsuldar əməkdaşlıq üçün yaxşı normativ-hüquqi baza mövcuddur. “Ölkələrimiz arasında iqtisadi sahədə şahidi olduğumuz uğurlu əməkdaşlıq hökumətlərimizin səylərinin nəticəsidir. Həm Rusiya, həm də Azərbaycanda qanunverici bazanın təkmilləşdirilməsini və sahibkarlara göstərilən dövlət dəstəyini görmək mümkündür”, - deyə o bildirib.
Tədbir zamanı həmçinin Azərbaycan şirkətlərinə əməkdaşlıq təklif edən Rusiyanın “Oleo nafta” holdinqinin təqdimatı olub.