Azərbaycanın Naxçıvan Muxtar Respublikasında (MR) elmi layihələrin qrantlar hesabına maliyyələşdirilməsi məsələlərinə həsr olunmuş regional məsləhət seminarı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Elmin inkişafı və Azərbaycanda iqtisadiyyatın elmə əsaslanan sahələri üçün mütəxəssis hazırlığına ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dövründə başlanıb”, - deyə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev seminarda çıxışı zamanı söyləyib. Akademik qeyd edib ki, H.Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda elmin inkişafına diqqət və qayğı artıb.
“Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən ölkə prezidenti İlham Əliyev bu sahənin davamlı inkişafını daim diqqət mərkəzində saxlayır, Prezident Yanında Elmin İnkişafı Fondu bu istiqamətdə uğurlu iş aparır, elmin müxtəlif sahələrinin inkişafı üçün qrant layihələri həyata keçirir”, - deyə İ.Hacıyev bildirib. Onun sözlərinə görə, Naxçıvan alimləri də bu layihələrdə fəal iştirak edirlər. “Ötən dövr ərzində onlar Elmin İnkişafı Fondu tərəfindən təşkil edilmiş elmi müsabiqələrdə 7 elmi layihəni həyata keçirmək hüququ qazanıblar”, - deyə akademik vurğulayıb.
Seminarda Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevin “Elmi layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsinin hüquqi aspektləri” mövzusunda məruzəsi dinlənilib. Seminarda həmçinin AMEA Naxçıvan bölməsinin, yerli ali məktəblərin alim və elmi əməkdaşlarının aktual mövzular, elmi tədqiqatlar və elmi işlərin istiqamətləri barədə təklifləri müzakirə olunub.
“Belə seminarların keçirilməsində məqsəd yerli alimlərə qrant layihələrin tərtib edilməsində, onların təklif və rəylərinin öyrənilməsində köməklik göstərməkdir. Hesab edirik ki, belə seminarlar müntəzəm olaraq keçirilməlidir, çünki təcrübə göstərir ki, elmi işçilərlə bilavasitə təmas müsabiqəyə təqdim edilən layihələrin keyfiyyətinin artırılmasına kömək edir və onların qalib gəlmək şansını artırır”, - deyə E.Babayev agentliyin regional bürosuna bildirib. O vurğulayıb ki, Naxçıvan yüksək elmi potensiala malikdir və yerli alimlər yalnız ənənəvi elmi layihələrdə deyil, eləcə də tədqiqat innovasiya layihələrində, beynəlxalq elmi konfrans və simpoziumların, elmi əsərlərin nəşrinin təşkili üzrə layihələrdə də fəal iştirak edə bilərlər.