2011-2013-cü illərdə Bakının ətraf qəsəbələrində sahibkarlar Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə 129,7 mln. manat kredit alıblar. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
2011-2013-cü illərdə fondun vəsaitləri hesabına Bakının ətraf qəsəbələrində 536 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 4,6 mindən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda SKMF-in icraçı direktoru Şirzad Abdullayevə istinadən vurğulanır.
Cümə günü SKMF tərəfindən Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 26 sahibkarlıq subyektinə 4,8 mln. manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 240-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat güzəştli kredit verib, 2013-cü ildə 250 mln. manat kredit verməyi planlaşdırır.