Cümə günü Azərbaycanın qədim Şəki şəhərində IV "İpək yolu" Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Tədbir nazirlik, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.
Bununla əlaqədar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası Şəkiyə qastrol səfərinə gəlib. Teatrın kollektivi xalq artisti Cavanşir Cəfərovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə dahi bəstəkar Q.Qarayevin "Yeddi gözəl" baleti ilə çıxış edəcək.
Əsas rolların ifaçısı xalq artisti Kamilla Hüseynova və əməkdar artist Gülağası Mirzəyevdir.
Festival iyulun 4-dək davam edəcək.