İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2013-cü ilin yanvar-may aylarında fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 45,519 min müqavilə bağlayıblar. Bu barədə büronun məlumatında deyilir.
“Sığortaçıların bağlanmış müqavilələr üzrə sığorta haqları 5 mln. 12,476 min manat təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Büronun məlumatına görə, 2012-ci ildə sığortaçılar fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 125,195 min müqavilə bağlayıblar və bu müqavilələr çərçivəsində 11 mln. 392,973 min manat sığorta haqqı əldə ediblər.
Bundan başqa, 2013-cü ilin yanvar-may aylarında İSB üzvləri daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 1,919 min müqavilə bağlayıblar. Həmin müqavilələr çərçivəsində onlar 151,913 min manat məbləğində sığorta haqqı əldə ediblər.
2012-ci ildə sığortaçıların bu növ üzrə 4 854 müqavilə çərçivəsində sığorta haqları 334,297 min manat təşkil edib.
2013-cü ilin yanvar-may aylarında Azərbaycanda sərnişinlərin icbari sığortası üzrə bağlanmış 57 müqavilə üzrə 42,28 min manat sığorta haqqı əldə olunub.
2012-ci ildə bu növ üzrə 363 sığorta müqaviləsi bağlanıb, sığorta haqları 93,427 min manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası bütün növ tikililərə, fiziki şəxslərə məxsus yaşayış evlərinə, mənzillərə, hüquqi şəxslərə məxsus ofislərə və dövlət əmlakına şamil edilir. Yanğın, partlayış, elektrik şəbəkəsində qısa qapanma, kanalizasiya və su sistemlərində qəza, təbii fəlakətlər və s. nəticəsində əmlaka ziyan dəyməsi faktları sığorta hadisəsi hesab olunur.
Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həcmi 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manat, digər yaşayış məntəqələrində 15 min manat təşkil edir.
Bu sığorta növü üzrə tarif sığorta məbləğinin həcminin 0,2%-ni təşkil edir.
Azərbaycanda 12 sığorta şirkətinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə xidmət göstərmək üçün lisenziyası var. Yalnız 1 sığorta şirkəti sərnişinlərin icbari sığortası üzrə xidmət göstərmək üçün lisenziyaya malikdir.
Ümumilikdə Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanunun tətbiqi çərçivəsində yaradılıb.
Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir.