Misir prezidenti Məhəmməd Mursi əleyhdarları onu sabaha qədər prezident postunu tərk etməyə çağıraraq, əks halda vətəndaş itaətsizliyi aktı ilə hədələyiblər.
“Biz M.Mursiyə sabah saat 17.00-a qədər vaxt veririk, iyulun 2-də o, tutduğu postu tərk etməli və dövlət orqanlarının ölkəni vaxtından qabaq prezident seçkilərinə hazırlamasına imkan verməlidir”, - deyə Misirin əsas müxalifət qrupu olan “Tamarrud” tərəfindən bu gün yayılmış kommünikedə bildirilir. Kommünikenin mətni hərəkatın saytında dərc edilib.
“Əks halda sabah saat 17:00-dən sonra kütləvi itaətsizlik aksiyaları başlayacaq”, - deyə sənəddə bildirilir.
Bazar ertəsi Misirdə prezident tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda yeddi nəfər həlak olub.
Bazar günü bütün ölkəyə yayılmış toqquşmalarda isə 613 nəfər yaralanıb.
Xəbər verildiyi kimi, bir gün əvvəl 1 milyondan çox insan nümayişə çıxaraq prezident M.Mursinin istefasını tələb edib. Nümayişçilər “Xalq rejimin istefasını tələb edir”, “Mursi , get!” kimi şüarlar səsləndiriblər.
Əhali hesab edir ki, M.Mursi seçkiöncəsi öhdəliklərini yerinə yetirməyib və onların ümidlərini doğrultmayıb. Nümayişçilər bu nümayişin M.Mursi hakimiyyətinin ildönümünə həsr olunduğunu söyləyərək bildiriblər ki, bu, “yeni inqilab” olmalıdır.