Qəbələdə bu şəhərin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı sertifikatın təqdim edilməsi mərasimi keçirilib. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Mərasim MDB-nin üzv dövlətlərinin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun ötən il oktyabrın 15-dən 17-dək Aşqabadda keçirilən birgə iclasında qəbul edilmiş qərara əsasən keçirilib.
Tədbir iştirakçıları Qəbələ şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Sonra yeni istifadəyə verilən Qəbələ Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanışlıq olub.
Mərasimin sonunda Qəbələ Mədəniyyət Mərkəzində MDB ölkələrindən olan yaradıcı kollektivlərin iştirakı ilə maraqlı konsert proqramı keçirilib.