2013-cü ilin may ayında Bakıda təkrar avtomobil bazarında orta qiymət fevral ayı ilə müqayisədə dəyişməyib və 16,2 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə avtomobil bazarının monitorinqini keçirən “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən məlumat verilib.
Monitorinq təkrar bazarda 15 min avtomobili əhatə edib ki, onların da 22,3%-i bazara may ayında daxil olub.
Cari ilin may ayında “Mercedes-Benz” markalı avtomobillər ümumi təklif portfelində 35% payla təkrar bazarda liderliyi qoruyub saxlayıb.
Araşdırmalar göstərib ki, mayda avtomobil bazarında Rusiya istehsalı olan avtomobillərin payı 6% təşkil edib, bu isə 2012-ci ilin may ayının göstəricisindən 3,4 faiz bəndi azdır. Bununla yanaşı, may ayında Rusiya istehsalı olan avtomobillərin qiymətlərində 0,2% artım qeydə alınıb. Lakin birliyin ekspertləri hesab edirlər ki, bu artım davamlı olmayacaq, qarşıdakı aylarda qiymətlərin artımı azalma ilə əvəz oluna bilər.