İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardi Bakının Azərbaycan qazının Avropaya Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə nəqlinə dair qərarını tarixi qərar hesab edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
F.Lombardi bazar ertəsi Bakıda XİN başçısı Elmar Məmmədyarovla görüş zamanı belə bəyanatla çıxış edib.
Görüşdə tərəflər Azərbaycan və Avropa arasında energetika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib, Bakı və Bern arasında münasibətlərin vacibliyini vurğulayıblar.
E.Məmmədyarov F.Lombardiyə Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti barədə məlumat verərək Azərbaycan tərəfinin sülh sazişi üzərində işləməyə hazır olduğunu bildirib. O, həmçinin deyib ki, bu məsələdə status-kvo qəbuledilməzdir və Ermənistan problemin həlli üçün siyasi iradə nümayiş etdirməlidir.